Şəhidin qan pulu kimlərin qol saatında, itində, yaxtasında, toyunda xərclənib?

Azərbaycanda isə tərsinə dövran elədi: vətənin rifahı üçün canını fəda edənlər vətən torpaqlarının kimlərə qaldığını görmədilər.

Görmədilər ki, vətən çoxdan 22 minə it alan banki arvadı bədxərc Zamirənin, 400 minlik toy edən liftçi qızı Ayselin, qolunda 200 minlik saat gəzdirən maliyyəçi Rüfət Aslanlının, “Galenvagen”lə iki nəfəri öldürüb 3 ay sonra azadlığa çıxan Əli Həsənovun nəvəsi Nailindir.

Bu torpaqlar uğrunda şəhidlər də öldü, vətən də bölündü, üstündən 25-30 il də keçdi, fəqət bu torpaqların altının da, üstünün də sərvətləri 100 minlik qol saatı olan Kərəm Həsənovun, batan yaxtada əylənən Elmira Axundovanın oğlu Həbibin, Analoduda poyraz cins it alıb bəsləyən Samir Şərifovun oğlunun nəsibi oldu.

Anaxeber.İnfo yazır ki,bu ölkədə itə-qurda pul xərclədilər, 1 milyona ayı kəsdirib kababını yedilər, milyardlıq malikanələr ucaltdılar, Xəzərin sahillərini hasarladılar, amma üstündə salamat gəzdikləri bu torpaq üçün canından keçənlərin analarının fəryadını eşitmədilər, qulaqbatıran üsyan səslərini, ah-nalələrini duymadılar.

Öz harınlamış qudurğan balalarını dəlixanalarda gizlədərək hərbi xidmətdən yayındanlar şəhidin anasına 11 min manat qan pulunu qıymadılar.

Söhbət şəhid qanının 11 min manata qədər endirilməsindən yox, ananın fəryadının dəyərsizləşdirilməsindən gedir.
Bankir arvadı Zamirənin iti ilə gəzintiyə çıxarkən üzərindəki geyimlərin və gəzdirdiyi küçüyün pulu 4 şəhidin qan pulu qədər idi.
Görünür, Siseron səhv yol göstəribmiş – mən nə vətənin rifahı üçün yaşamalı, nə də onunla birlikdə məhv olmalıyam.
O şəhidlər gərək “Ferrari” sürəydi, anaları butiklərə, brend mağazalara gedəydi, ataları Rüfət Aslanlı kimi bir şüşəsi 18 min avro olan şərabından içəydi. Bax onda vətən vətən olacaqdı…

Gərək maaşından gileylənən deputat oğlu cəbhədə öləydi, xalqa az yeməyi məsləhət görən millət vəkilinin uşağı snayperlə vurulub tabutu evinə gətiriləydi, o zaman vətən vətən olacaqdı, o zaman 11 min manatın dəyəri daha üstün olacaqdı.
Türkiyəsindən İranına qədər dünyanın heç bir ölkəsində vətən üçün ölənin ailəsinə qan pulu 11 min verilmir. Çox verilir ki, az verilmir.

Və dünyanın heç bir ölkəsi, ən azı qapı qonşumuz Gürcüstan Abxaziya və Osetiyada ölənlərinin analarını parlamentin qarşısında aciz vəziyyətə salmazdı. Axı bizə Ermənistan baxır?!

18 minlik şərab içən, 22 minlik it gəzdirən, 100 minlik qol saatı olan məmur-oliqarxların ölkəsində ana fəryadı ucalırsa, 11 min manat belə çox görünürsə, “kül bizim başımıza” deməkdə çox gecikmişik.

Rəhmətlik Elçibəy deyirdi ki, vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara qarşı duyulan sevgidir.
Şəhid anasını gözü yaşlı qoyan məmurların efirdən “Qoroboğü alacuyuq” deməsi qədər ikrah hissi doğuran, iyrənc bir mənzərə yoxdur.

Qarabağın azadlığı da, vətənin xilası da, şəhidin qisasının alınması da ilk olaraq onun anasına qoyulan qiymətdən başlayır.
Bir aydan çoxdur ki, Milli Məclisin qarşısında ah-fəğan edən, deputatlara demədiyi qalmayan şəhid ailələrinə 11 min manatlıq qəpik-quruşu, bir məmurun hansısa kənddəki yadından çıxmış, istifadə etmədiyi torpaq sahəsini pulunu belə vermək istəmirlər. İstəmirlər ki, şəhid anası bədxərc Zamirədən üstün yaşasın.

İndi Zamirəni maliyyə cinayətlərində ittiham edən rəsmilər görəsən bu pullar ölkədən çıxarılanda harda idilər? Bəlkə cəbhədə döyüşürdülər, xəbərsiz olublar?

Ondan da xəbərsiz olublar ki, şəhidin qan pulu verilmədiyi bu illər ərzində Hadı Rəcəbli özünə “Palıdlı sahil” restoranı tikdirib, güllələnmiş Elmar Vəliyev Hacıkənddə villalar ucaldıb, Səlim Müslümov, Fazil Məmmədov, Eldar Mahmudov, Ziya Məmmədov və daha kimlər, kimlər milyardları sümürüblər, bircə şəhidin qan pulusuna vəsait çatmayıb…

Bircə şəhidin anası daxmasında gözüyaşlı oturub oğlunun şərəfli ölümü ilə təsəlli taparkən AzTV-də Ziyad Səmədzadələr, Elman Nəsirovlar, Rafael Hüseynovlar, Siyavuş Novruzovlar iqtisadi inkişafdan, sosial siyasətdən, məcburi köçkünlərə, şəhid ailələlərinə diqqət və qayğıdan danışmalıdırlar.

Şəhid ailəsinə verilən müavinətin artırılmasından, icra başçılarının qapısından qovulan şəhid analarının fəryadından danışa bilməyənlər gah himnə düzəliş olunmasını təklif edirlər, gah seçki məcəlləsində qanun pozuntuna görə cərimələri artırırlar, gah da balkonlardan asılan zivələri müzakirə edirlər.

Nə ki təhlükəsizdir, ondan danışmaq olar. Yəqin ki, oğluna milyonluq toy edən, Kliçkoya 5 otaqlı ev bağışlayan Azad Rəhimov üçün də şəhidin qan pulu üfüqdə görünən problemdir.

Bu vətəndə varlı şəhid ailəsi yoxdur. Bu ölkədə gözüyaşlı milyonçu ana yoxdur. Bu torpaqlar uğrunda ölmək kasıbların alnına yazılıb.

Elədirsə mən niyə Rüfət Aslanlının, Hadı Rəcəblinin, Zamirənin, Ayselin rifahı üçün yaşamalı, yaxud da məhv olmalıyam???

Be the first to comment on "Şəhidin qan pulu kimlərin qol saatında, itində, yaxtasında, toyunda xərclənib?"

Leave a comment

Your email address will not be published.


*