Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

17.03.2018

Məzahir Pənahovun sədrliyi ilə martın 17-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 10 mart 2018-ci ildə keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra ödənişsiz əsaslarla efir vaxtının bölgüsü məqsədilə MSK-nın 3 üzvündən və Katibliyin Media və ictimai əlaqələr şöbəsinin müdirindən ibarət tərkibdə püşkatma komissiyasının yaradılması və püşkatmanın 2018-ci il martın 19-u saat 16:00-da MSK-nın inzibati binasında keçirilməsi qərara alınıb.

Komissiya 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması məsələsinə də baxıb. Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş cənab Sərdar Calal oğlu Məmmədovun namizədliyi qeydə alınıb.

İclasda daha sonra MSK-nın qərarı ilə seçkilərdə qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar tərəfindən təqdim olunan vəkil edilmiş şəxslər qeydə alınıb.

Komissiyanın iclasında bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Siyasi partiyaların və prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin, beynəlxalq müşahidə missiyalarının təmsilçilərinin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsi

Be the first to comment on "Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib"

Leave a comment

Your email address will not be published.


*