Rezidenturada plan yerləri azaldılıb, yerlər əcnəbilərə satılır?

Azərbaycan Tibb Universitetinin VI kurs tələbələri universitet qarşısında toplaşaraq, bu il qəfildən rezidenturaya plan yerlərinin azalmasına etirazlarını bildirərək, Səhiyyə Nazirliyindən verilən qərarı yenidən gözdən keçirməsini və ləğv etməsini tələb ediblər.
Medicina. az xəbər verir ki, ötən il 500 nəfər olan yer bu il 332 saya kimi azaldılıb. Bu isə univertiteti bitirən 1200-1300 tələbə üçün çox azdır. Belə çıxır ki, 6 il oxuduqdan və təhsilə ən azı 10.000-12.000 manat xərc çəkdikdən sonra tələbələrin ixtisaslaşması təmin edilmir və gənc həkimlər havadan asılı qalır.
Birinci mərhələni keçən 600 nəfərdən cəmi 280 nəfəri üçün yer ayrılıb. Üstəlik bu yerlərin bir çoxu əcnəbi tələbələrə ödənişli təhsillə verilir.
Tələbələr “Rezidentura keçməsək, bizim diplomumuz havada qalır, ixtisasımız üzrə işləyə bilməyəcəyik, yaxşı klinika və dövlət xəstəxanalarında işə girə bilməyəcəyik. Yalnız ailə həkimi və ya dietoloq işləyə bilərik, uzağı təcili yardımda” fikirlərini səsləndiriblər.
Stomatologiya fakultəsinin ötənilki məzunu da 2 ildir ki, rezidenturadan keçə bilmir. Əhmədli Nəzrin 6 ilinin boşa getdiyini bildirdi: “Ötən il imtahana bir həftə qalmış sınaq imtahanlarının pullu olduğunu bildirib, bizi stresə saldılar. Tələbə üçün 100 manat göydən düşmür. Adi vərəqi belə vermirlər. Guya elektrondur, amma komputerləri köhnə. Heç olmasa bu qədər pulun qarşılığında kompüterləri modern müasir olsun.
Keçən il 21 yerdən 11-ə endirdilər, bu il 11 yeri 5 ediblər. 9 milyon əhalisi olan ölkədə cəmi 5 stomatoloq yeri ayırılıb. Keçən il susduq, bu il də bunu gətirdilər başımıza. Hər il universiteti 30-40 stomatoloq bitirir, 5 nəfər rezidentura keçib həkim işləyəcək, yerdə qalan bəs? Biz də bir ailənin övladlarıyıq. 6 il əziyət çəkmişik. 2 ildir 300 manatdan çox sınaq imtahanlarına pul xərcləmişəm. Bir qəpik qazana bilmirəm sənətimdən”.
Belə bir versiya da var ki, əcnəbi tələbələrin imtahansız birbaşa rezidenturaya qəbul olub ödənişli təhsil alması yerlərin azalmasına səbəb olub. Azərbaycanda rezidenturaya daha çox İran və Ərəb dövlətlərinin tələbələri maraq göstərib daxil olur.
Qeyd edək ki, sınaq imtahanlarında 1000 tələbədən imtahanlar üçün 160 manatdan vəsait yığıldıqda bu məbləğ 160.000 manat edir. Tələbələr ödənişi etdikdən sonra plan yerlərinin açıqlanmasını da düşünülmüş addım hesab edir.
Tələbələrin qarşısına çıxan Səhiyyə Nazirliyi Mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova və aparıcı məsləhətçi Təranə xanım onları danışmağa dəvət edib. Onlar bildirib ki, rezidenturaya qəbul dövlətin həkim mütəxəssisə ehtiyacı və sifarişlərinə görə təyin olunur. Bu Tibb Universitetinin təşəbbüsü və qərarı deyil. Rezidentiranı bitirdikdən sonra həkimlər işlə təmin olunmalıdır. Əgər iş yeri bu qədərdirsə, çox plan yeri ayırmaq mümkün deyil. Amma Səhiyyə Nazirliyi hər il mərkləzləşmiş işə qəbul elan edir, saytda bütün vakant vəzifələrin siyahısı verilir. Siz öz diplomunuzla o yerlərə sənədlərinizi verə bilərsiz. Azərbaycanda daha çox ehtiyac bölgələrdə xəstəxanalardadır. Sizin diplomunuz var, vacib deyil ki, rezidentura keçəsiz. Siz işləyə bilərsiz”.
Tələbələr bu açıqlama ilə razılaşmayıblar. Daha sonra onlardan 1-2 nəfər nümayəndə ayrılıb, danışıqlar üçün dəvət olunub. Tələbələr Səhiyyə Nazirinin adına yazılı ərizə ilə müraciət də ediblər. Hələ ki, rəsmi cavabın nə olduğu məlum deyil.

Be the first to comment on "Rezidenturada plan yerləri azaldılıb, yerlər əcnəbilərə satılır?"

Leave a comment

Your email address will not be published.


*