“Qardaşlar Mebel-3” şirkətinin sahibi Əli Mirzəyevə cinayət işi açılıb!

Azərbaycan müstəqillik əldə etdikdən sonra xeyli sayda vətəndaşımız sözün həqiqi mənasında milyonçuya çevrilərək zəngin həyat sürürlər. Buna sevinmək lazımdır. Çünki böyük türk şairi Hazim Hikmət demişkən, “biz zənginliyin bərabərliyindən danışırıq”.

… Kommunist olan Nazim Hikməti bir gün türk polisi həbs etməyə gəlir və şairi qu tükündən döşəyin üstündə uzanmış görən polis deyir: “ Şair, siz kommunistlər bərabərlikdən danışırsınız. Sən burda qu tükündən döşəyin üstündə dincəlirsən, amma sənin partiya yoldaşlarını həbsxanada bit-birə basıb yeyir”.
Şair gülərək deyir: “Komutan sağ olsun, biz zənginliyin bərabərliyindən danışırıq, bit-birənin yox”.

Doğrudan da, vətəndaşlarımızın zəngin olması hər birimiz üçün sevindiricidir. Amma…
Bəli, amması odur ki, bu zənginliyin, bu milyonların arxasında halallıq, zəhmət dayanır, yoxsa..?
Əgər bu milyonların altında oğurluq, rüşvət, korrupsiya, qadın alveri, narkotik satışı, vergidən yayınma, dələduzluq və s kimi şübhələr və cinayət əməlləri dayanırsa, buna necə sevinmək olar. Əksinə belə “zənginlik” cəmiyyət üçün çox təhlükəlidir.

Son illər Azərbaycanda qısa vaxtda zənginləşmişlərdən biri də Əli Mirzəyevdir. Bu şəxs Qardaşlar Mebel-3 şirkətinin təsisçisi və 50 faiz payın sahibidir. Onun əmlakı təkcə bundan ibarət deyil.
Əli Mirzəyevin Həsən Əliyev küçəsindəki 4 mərtəbəli Nömrə -1 Tədris mərkəzi, məşhur Tarqovıda yerləşən “Coffeaphore” kofe evi, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Mebel fabriki və daha nələr…
Görəsən, Əli Mirzəyev az vaxtda bu qədər əmlaka necə sahib olub ?
Bəlkə xəzinə tapıb ?
Bəlkə babasından miras qalıb ? Bəlkə…
Deyəsən hüquq-mühafizə orqanları bu bəlkənin izinə düşüb.

NUH.az-a daxil olan məlumata görə, 2017- ci ildə etibardan sui istifadə etməklə xüsusilə külli miqdarda pul vəsaitini ələ keçirməyə görə Əli Mirzəyev barəsində Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə cinayət işi başlanıb.

Yeri gəlmişkən, Milli Məclis ötən il bu maddəni sərtləşdirib: “178.4. Bu məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusuilə külli miqdarda ziyan vurmaqla törədildikdə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Daxil olan digər məlumata görə, hətta Əli Mirzəyevin ölkədən çıxışına qadağa qoyulub. Hazırda Əli Mirzəyevin şəriki olan qardaşları barədə də araşdırma gedir və xeyli ciddi məlumatlar ortaya çıxıb.
Problemin ictimai təhlükəli olduğunu nəzərə alaraq məsələni mətbuatın gündəmində saxlamaqda və hətta məhkəmə çəkişməsinə qədər davam etməkdə qərarlıyıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Be the first to comment on "“Qardaşlar Mebel-3” şirkətinin sahibi Əli Mirzəyevə cinayət işi açılıb!"

Leave a comment

Your email address will not be published.


*