Gözdən əlillər üçün Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 40 ünvanında inşa olunan 12 mərtəbəli binanın mənzilləri heç bir əlilliyi olmayan 160-a yaxın insana satılıb

Gözdən əlillərin dövlət rəhbərliyinə, prokurorluğa, Nərimanov rayon rəhbərliyinə 8 ilə yaxındır şikayətləri heç bir səmərə vermir.
Bu qanunsuzluğa yol verən Nərimanov icra başçısı Abidin Fərzəliyev və müavini Şahmar İbadov isə gözdən əlilləri nə sayır, nə köməklik göstərir.
Əksinə, bu günlərdə Ş.İbadov qəbuluna gələn II qrup əlil Rəşad Səlimli və onun anası Yeganə Səlimovaya bildirib ki, Milli Şura sədri Cəmil Həsənlini, AXCP lideri Əli Kərimlini və müxalifətçiləri söyün, sizə ev verək.
Gözdən əlil vətəndaşları öz qanuni haqlarına sahiblənmək üçün imtahana çəkən, onları hansısa siyasi məqsədlərə alət edən Ş.İbadov həm vətəndaş qarşıdurması yaradır, həm də dövlətin siyasətinə qarşı çıxır.
Prezident İlham Əliyev elə son olaraq Davos forumunda bəyan etdi ki, Azərbaycanda insan haqları qorunur, mətbuat azaddır, heç bir kəsə siyasi baxışlarına görə təqib yoxdur.
Ş.İbadov isə dövlət başçısının Davosda çıxışı ərəfəsində ona zidd fəaliyyət göstərərək gözdən əlillərə halal evlərini bir şərtlə verməyi təklif edir ki, Ə.Kərimlini aşağılasınlar.
Belə bir dövlət məmurunun vəzifədə saxlanması məntiqdən uzaqdır. Özü də o məmurun ki, oğlu bahalı maşınla piyadanı vuru öldürdü və ört-basdı edildi.
Bu haqda bir az sonra…faktiki olaraq isə İbadov insanlardan siyasi alət kimi istifadə etməyə çalışır.
Seçki ilində Nərimanov icra başçısı müavininin bu destruktiv əməlləri yuxarıların diqqət mərkəzində olmalıdır.
Artıq 8 ilə yaxındır ki, gözdən əlillər mənzillərini tələb edirlər. Başçı müavini isə şikayətləri qulaqardı edir.
Əlillər sual edirlər ki, 160 ev kimə satılıb, pullar hara sovrulub və ya mənimsənib, nə üçün hüquq-mühafizə orqanları araşdırma aparmırlar.
Gözdən əlillər hesab edirlər ki, Ə.Kərimlini, C.Həsənlini söymək tapşırığı mərkəzdən gəlməyib. Bu, A.Fərzəliyevlə Ş.İbadovun özfəaliyyətidir.
Onlar mərkəzdənqaçma meyilli addımlar atır, siyasi hakimiyyətə problem yaradır, sosial problemi müxalifət üzərində fokuslaşdırırlar.
Bu təxribatçı siyasətlə Ş.İbadov əslində, İ.Əliyevə böyük bir pislik eləmiş olur və müxalifətin əlinə divident qazandırır.
İndi müxalifət asanlıqla bəyan edə bilər ki, məmurlar gözdən əlillərə təzyiq göstərirlər, siyasi basqılar edirlər, müxalifətin əleyhinə danışmağa məcbur edirlər.
Halbuki, prezident vətəndaşlara qarşı siyasi təqiblər olmadığını bəyan edir. A.Fərzəliyev- Ş.İbadov tandemi isə seçki ilində Ə.Kərimliyə arqument qazandırır: baxın, gözdən əlilləri bizim əleyhimizə danışdırırlar ki, qanunu mənzillərini alsınlar.
Deməli, Nərimanov RİH rəhbərliyi təsdiq edir ki, həmin evlər II qrup əlil Rəşad Səlimli və onun anası Yeganə Səlimovaya məxsusdur. Sadəcə, müxalifət əleyhinə danışın, sonra verək.
SİAM.Az-ın verdiyi məlumata görə, Ş.İbadovun seçkiqabağı müxalifətə “kozır” verməsində nə məqsəd güddüyü aydın deyil.
Onun hakimiyyəti çətin vəziyyətə salan hərəkəti birbaşa siyasi provokasiyadır. İcra başçısı müavini özünə o qədər arxayındır ki, oğlunun üstündə cinayət işi oluğu halda belə iqtidarı qıcıqlandıran addımlar atır.
Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq öldürüb hadisə yerindən qaçsa da, məsuliyyətə cəlb olunmadı.
Görünür ki, hakim elitaya çıxış imkanı olan A.Fərzəliyev minnətçi düşərək müavinin oğlunu həbsdən xilas edə bildi.
Ş.İbadovun rayonun bölüşdürülməsində iştirakı, obyektləri, Nərimanov RİH-də əsas söz sahiblərindən biri olub hegemonluq etməsi haqda yazılanlara oğlunun avtoqəzada adam öldürməsi möhür vurdu.
İcra başçısının müavininin oğlu elə bir ərəfədə qəza törətmişdi ki, Baş nazirin müavini Əli Həsənovun nəvəsinin törətdiyi faciə ilə eyni dövrə təsadüf edirdi.
Ona görə də əl-ayağa düşən Ş.İbadov oğlunun cinayətini ört-basdır etməyə çalışdı. Mətbuat bu məsələni tirajlayanda isə məcburiyyət qarşısında açıqlama verdi.
Məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib.
Elmar İbadovun istintaqı başa çatdığına görə prokurorluq orqanları onun törətdiyi cinayəti “obyektiv” araşdıraraq onun əməlinə hüquqi qiymət veriblər.
Hüquqi qiymət elə verilib ki, Elmar İbadov törətdiyi bu cinayətdən sonra hətta BDU-da bakalavr təhsilini bitirərək elə BDU-da magistraturaya qəbul olunub.
Və təhsilini davam edib atasının tutduğu yolun davamçısı olmağına söz verib. Olsun ,əlbəttə, biz heç kimə pislik arzulamırıq.
Ancaq medianın yaydığı məlumata görə Elmar İbadovun törətdiyi cinayətdən canını qurtarmaq ona heç də asan başa gəlməyib.
Onun atasına himayədarlıq edən qüvvələr onun həbsdən qurtarmağına köməklik ediblər.
Bir çox hallarda prokurorluq orqanları bu cür hadisə törədən digər şəxslərə ağır cəza istəsə də, nədənsə Elmar İbadov üçün bu məsuliyyətə cəlb edilmə həddindən artıq yumşaq cəza olub.
Belə bir bioqrafiyaya malik olan Ş.İbadov isə gözdən əlilləri şantaj etməklə məşğuldur.
Həmin binanın aşağı 4 mərtəbəsi gözdən əlillər üçün, qalan 8 mərtəbəsinin isə müəyyən güzəştlərlə Nərimanov rayonunun ərazisindəki yataqxanada qeydiyyatda olan və sosial vəziyyətləri çətin olan ailələr üçün nəzərdə tutulub.
Bu bina barəsində deyilənləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2015-ci ilin payızında televiziyada səslənən müsahibələrinin birində “Bu evlərin bir qismi gözdən əlillərə, qalan hissəsi isə Cənab Prezidentin göstərişi ilə başqa adamlara veriləcəkdir” deməklə bir daha dolayısı da olsa təsdiqləmiş olub.

Be the first to comment on "Gözdən əlillər üçün Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 40 ünvanında inşa olunan 12 mərtəbəli binanın mənzilləri heç bir əlilliyi olmayan 160-a yaxın insana satılıb"

Leave a comment

Your email address will not be published.


*